NARKOTİKLƏRLƏ MÜBARİZƏ TƏKCƏ POLİSİN İŞİ DEYİL - Aqil ABBAS yazır

Son illər Daxili İşlər Nazirliyi narkotiklərlə çox kəskin və  ciddi mübarizə aparır. Bunu DİN-in gündəlik yaydığı  məlumatlarda, eləcə də nazirliyin mətbuat katibi Elşad Hacıyevin sosial şəbəkələrdə paylaşdığı  statuslarda  aydın  görmək olar. Belə görünür ki, Daxili İşlər Nazirliyi bu mübarizədə  bircə addım da geri atmayacaq, xalqı, xüsusən də gəncliyi bu bəladan qorumaq və xilas etmək üçün əlindən gələni (hətta əlindən gələndən də artıq) əsirgəməyəcək. 

Düzdür, bu məsələdə Dövlət Sərhəd Xidmətinin və Gömrük Komitəsinin əməkdaşlarının da zəhmətini ayrıca qiymətləndirmək olar. Amma əsas güc Daxili İşlər Nazirliyinin  üzərinə düşür. 

Amma onu da qeyd etmək lazımdır ki, narkotiklərlə mübarizə təkcə  polisin işi deyil, bu işdə ictimaiyyət də fəal rol oynamalı, polisə kömək etməlidir. 
Mətbuatın, xüsusən televiziyaların   üzərinə də böyük məsuliyyət  düşür. Güclü maarifçilik işi aparılmalıdır. 

Azərbaycanda narkotika istehsal olunmur, uzaqbaşı kimlərsə həyətində müəyyən qədər nəşə əkə bilir. Amma bu da sahə müvəkkillərinin və cinayət axtarış müvəkkillərinin gözündən yayınmır, vaxtında qarşısı  alınır.

Azərbaycanda nə heroin istehsal olunur, nə də adını bilmədiyim müxtəlif  narkotik həblər  və iynələr. Bunların hamısı  xaricdən Azərbaycana  ötürülür.  Xüsusilə də qonşu İrandan. İranda ən ağır cəza narkotik  alverçilərinə  verilən  cəzadı, özü də  edam cəzası. 

Necə olursa İranın içiylə min kilometrdən artıq məsafəni qət edib Azərbaycan sərhədinə qədər gələ bilirlər, amma qonşu  dövlətin təhlükəsizlik xidmətləri, polisi, xüsusi  xidmət servisləri  buna göz yumur. 

Bir dəfə 6 nömrəli islah-əmək koloniyasına şair Vaqif Bəhmənliylə mən  görüşə  getmişdik. Kolonu gəzərkən gördüm ki, bir tərəfdə 7-8 nəfər  dayanıb öz aralarında söhbət edirlər. Rəisdən soruşdum ki,  onlar kimdir? 

Dedi:

- İran vətəndaşlarıdır, hamısı  narkotiklə bağlı həbs olunub. Sonra onları  beynəlxalq qanunlara  görə qaytarıb veririk İrana, amma aradan üç-dörd ay keçir yenə  tutulurlar. Eləsi var narkotikə görə üçüncü-dördüncü  dəfədir  həbsxanaya düşür. İranda bunları cəzalandırmırlar, yenidən əllərinə  narkotika verib göndərirlər bura.  

Mən də dedim ki, siz də qaytarıb verməyin.

- Axı, o bizdən asılı deyil, dedim də beynəlxalq qanunlara görədir. 

İndi bu məsələ həll olunub, daha narkotika ilə bağlı həbs olunan İran vətəndaşları ekstradisiya  edilmir.

Əvvəllər Ermənistanın işğalı altında olan Qarabağ tranzit bir məkan sayılırdı, Avropaya, hətta Əfqanıstandan gələn narkotika bu ərazidən  ötürülürdü. 
İndi Allaha şükür, Ali  Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Qarabağ işğaldan  azad olunub və daha bu ərazidən qonşu dövlətlər istifadə edə bilmir. Ona görə də Azərbaycanın  özündən plasdarm kimi istifadə etmək istəyirlər. 

Gecəsini gündüzə  qatan Daxili İşlər Nazirliyi ölkəmizdən tranzit kimi istifadə etmənin  qarşısını  alır və alacaq da. 

İndi bir məsuliyyət də, yuxarıda dediyim kimi,  düşür bizim  üzərimizə, ictimaiyyətin  üzərinə. İctimaiyyət də polisə dəstək olmalıdır.

Yeri gəlmişkən, həmişə ürəyimi  ağrıdan, televizorda gördüyüm bir süjeti də xatırlatmaq istəyirəm. 

Televiziyada əldən düşmüş bir narkomanı  danışdırırdılar. O deyirdi vaxtilə  Bakıda ən bərkgedən oğlanlardan biri idim. Özü də boylu-buxunlu, gözəl-göyçək bir oğlanıydım, qızlar  dalımca düşürdü. Özüm də adlı-sanlı bir ailədən idim. İndi narkotika  qəbul edənlər mənim halıma baxsınlar, qalanlarını özləri bilir. 

Mən bu oğlanı  yaxşı tanıyırdım. 70-ci illərdə Tibb İnstitutunda oxuyurdu, bir  yerdə çox futbol oynamışdıq Tibb İnstitutunun həyətində. Hərdən davamız da düşərdi. İki qardaş idilər, ikisi də gözəl-göyçək. İkisinin altında da o vaxt «Mersedes 600»ü əvəz edən qırmızı «06» vardı, özü də qəşəng nömrəylə.

Ataları  yüksək vəzifədə işləyirdi, demək olar ki, uşaqların  hamısının  onlara  paxıllığı tutardı. 

Onu  televiziyada bu halda görəndə yadıma onun gəncliyi  düşdü, özümdən asılı olmayaraq ağladım. Evdə soruşdular ki, sənə nə oldu. 

Dedim:

- Mən bu oğlanla o qədər  futbol oynamışam ki. Alen Delondan yaraşıqlı  oğlan idi, indiki  halı ağlatdı məni. 

Bunu ona görə yazdım ki, televizyonlarımız mənasız müğənniləri (bu ifadə Flora xanımla Elza Seyidcahana aid deyil) çıxarıb  efirdə  dalaşdırmaqdansa belə adamları  tapıb danışdırsınlar. Gənclik də ibrət götürsün. 

0.073963165283203